DİM: 175 hakimliyə namizəd növbəti mərhələyə buraxıldı
Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birlikdə hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahan Mərkəzin elektron imtahan korpusunda təşkil olunub. Test imtahanı başa çatdıqdan və ya ayrılmış vaxt bitdikdən sonra namizədlər nəticələri ilə tanış ola biliblər. Nəticələr həmçinin DİM-in rəsmi saytında dərc olunacaq.
İmtahana qeydiyyatdan keçmiş 339 namizəddən ikisi imtahanda iştirak etməyib.
Test imtahanının nəticələrinə əsasən, 60 və daha çox bal toplayan 175 nəfər müsabiqə şərtlərini yerinə yetirərək seçimin növbəti mərhələsinə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 29, 30 iyun və 1 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.
Komissiya Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən DİM binasında müraciətlərə baxacaq.