Quba və Xaçmaz rayonlarında media nümayəndələrinin iştirakı ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib-FOTOLAR
Qəhvəyi mərmər bağacığının aktiv inkişaf fazasına keçdiyindən zərərvericiyə qarşı mübarizənin əhəmiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq məqsədilə media nümayəndələrinin iştirakı ilə Xaçmaz rayonunda monitorinq və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Denmedia.az-ın “Şimal bürosunun “məlumatına görə, tədbir çərçivəsində əvvəlcə Quba Regional Təlim Mərkəzində media nümayəndələri üçün qəhvəyi mərmər bağacığının biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan və ona qarşı aparılan mübarizə tədbirləri barədə təqdimat keçirilib.
Mütəxəssislər tərəfindən bildirilib ki, bu invaziv zərərverici 300-dən artıq bitki növü ilə qidalanaraq onlara ziyan vurur, lakin insan sağlamlığı üçün heç bir təhlükə yaratmır.
Daha sonra media nümayəndələrinin iştirakı ilə Xaçmaz rayonunda zərərvericinin yayıldığı ərazilərdə aparılan monitorinq və kimyəvi mübarizə tədbirləri nümayiş etdirilib. Tədbir zamanı qəhvəyi mərmər bağacığının erkən aşkarlanması, yayılmasının qarşısının alınması və ona qarşı tətbiq olunan müasir mübarizə üsulları barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, qəhvəyi mərmər bağacığının təbii düşməni hesab olunan samuray arısının laboratoriya şəraitində çoxaldılması və yayıldığı arealda bioloji mübarizə tədbirlərinin tətbiqi nəzərdə tutulur.
Tədbir zamanı qeyd olunub ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin qışlama dövründə ölkənin 34 rayonunda 20 mindən çox nöqtədə monitorinq aparılıb, 12 rayonda zərərverici aşkarlanaraq mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Hazırda qəhvəyi mərmər bağacığı ölkənin 12 rayonunda (Şabran, Göygöl Şəki, Balakən, Zaqatala, Qax, Qazax, Ağstafa, Quba, Qusar, Xaçmaz) müşahidə olunur. Zərərvericinin populyasiyasına nəzarət məqsədilə ötən il 13 mindən çox feromon tələsi quraşdırılıb, cari ildə isə bu rəqəmin 20 mini ötməsi planlaşdırılır. Eyni zamanda maarifləndirmə tədbirlərinin artırılması məqsədilə cari tədris ili ərzində 12 rayonda yerləşən 67 ümumtəhsil müəssisəsində məlumatlandırıcı görüşlərin keçirildiyi qeyd olunub.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı monitorinq, maarifləndirmə və mübarizə tədbirləri ölkənin müxtəlif bölgələrində davam etdirilir.





nizami