Azərbaycanda uşaqlar üçün sosial şəbəkə məhdudiyyəti təklif edildi
Azərbaycanda uşaqların müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan qanun layihəsi çərçivəsində sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyətlərinin tətbiqi təklif olunub.
Bu barədə Milli Məclisə təqdim edilən sənəddə qeyd olunur.
Layihəyə əsasən, 16 yaşadək uşaqlara bir sıra sosial şəbəkələrdə hesab yaratmaq qadağan edilə bilər. 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunacaq və əlavə müdafiə tədbirləri tətbiq ediləcək.
Sənəddə ayrıca vurğulanır ki, sosial şəbəkələr istifadəçilərin yaşını yoxlamalı, yeniyetmələr üçün təhlükəli hesab olunan kontenti 24 saat ərzində silməli, həmçinin yaşın təsdiqlənməsi zamanı toplanan məlumatlardan reklam məqsədilə istifadə etməməlidir.
Bundan başqa, valideynlər 16-18 yaşlı yeniyetmələrin sosial şəbəkələrdə baxdığı kontentə, qarşılaşdığı reklamlara və platformalarda keçirdiyi vaxta nəzarət etmək imkanı əldə edəcəklər.
Platformalar isə Azərbaycanda ya rəsmi nümayəndəlik açmalı, ya da qeydiyyatdan keçməlidir.
Qanun layihəsinin tələblərinə əməl edilmədiyi halda böyük məbləğdə cərimələr nəzərdə tutulur. Cərimələrin məbləği 50 min manatadək ola bilər.
Qaydaları pozan platformalara qarşı həmçinin reklam yerləşdirilməsinə məhdudiyyətlər tətbiq edilə və internet trafiki 90 faizədək azaldıla bilər.
Gözlənilir ki, qanun rəsmi dərc edildikdən 12 ay sonra qüvvəyə minəcək.
Bundan sonra yaşı təsdiqlənməyən 16 yaşadək istifadəçilərin hesabları bloklanmalı və ya silinməlidir.