Ukraynalı uşaqlar Azərbaycanda reabilitasiya proqramına qatılacaq
Azərbaycana 30 ukraynalı uşaqdan ibarət daha bir qrupun gəlməsi gözlənilir. Onlar sosial və psixoloji reabilitasiya proqramlarında iştirak edəcəklər.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Ukraynadan olan növbəti uşaq qrupu Azərbaycana gəlib. Uşaqlar 10 gün ərzində Bakı və Qəbələdə təşkil olunan tədbirlərə qatılacaqlar.
Proqram çərçivəsində onlar üçün istirahət, art-terapiya, yoqa məşğələləri və sosial-psixoloji reabilitasiyaya yönəlmiş digər fəaliyyətlər nəzərdə tutulub.
Pərviz Səfərov qeyd edib ki, bərpa tədbirləri Qəbələdəki Uşaq Reabilitasiya Mərkəzində keçiriləcək. Bundan başqa, uşaqlar Azərbaycanın tarixi və mədəni irsi ilə də tanış olacaqlar.
Onun sözlərinə görə, bu cür proqramlar gələcəkdə də davam etdiriləcək.