25 məşhur riyaziyyatçı süni intellektlə bağlı həyəcan təbili çaldı
Dünyanın ən nüfuzlu riyaziyyat mükafatlarından biri olan Filds medalının laureatları süni intellektin riyaziyyat elminə mümkün təsirləri ilə bağlı xəbərdarlıq ediblər.
Math and AI portalında dərc olunan açıq məktubu 25 tanınmış riyaziyyatçı imzalayıb. Alimlər hesab edirlər ki, süni intellekt şirkətlərinin məqsədləri ilə riyaziyyat elmi ictimaiyyətinin prioritetləri arasında ciddi fərq yaranıb.
“Süni intellekt şirkətlərinin məqsədləri ilə riyaziyyat ictimaiyyətinin məqsədləri ciddi şəkildə fərqlənir”, – açıq məktubda bildirilib.
Alimlərin fikrincə, süni intellekt şirkətlərinin mürəkkəb riyazi məsələləri mümkün qədər sürətli həll etməyə çalışaraq bunu texnologiyalarının gücünün göstəricisi kimi təqdim etməsi elmin əsas məqsədini kölgədə qoya bilər.
Məktub müəllifləri vurğulayıblar ki, riyazi məsələnin həlli son məqsəd deyil, riyazi anlayışların daha dərindən başa düşülməsi üçün vasitədir. Süni intellektin hazır həlləri sürətlə təqdim etməsi isə yeni metodların formalaşmasına və araşdırılmasına kifayət qədər vaxt qoymaya, eyni zamanda müəlliflik və plagiatla bağlı problemlər yarada bilər.
Bununla yanaşı, alimlər süni intellektin elmi araşdırmaları əhəmiyyətli dərəcədə sürətləndirmək potensialını da qəbul edirlər. Onların fikrincə, texnologiyanın elmə müsbət və ya mənfi təsir göstərməsi onun insanlar tərəfindən hansı prinsiplərlə istifadə olunacağından asılı olacaq.