Nikol Kidman yeni peşə seçdi: "Son yolculuq bələdçisi" - FOTO
Aktrisa Nikol Kidman yeni peşə seçib — o, həyatın son mərhələsində olan insanlara dəstək göstərən “ölüm doulası” (Son yolculuq bələdçisi) olmaq üçün təhsil alır.
Bu barədə o, San-Fransisko Universitetində çıxışı zamanı bildirib, Marie Claire yazır.
Aktrisa etiraf edib ki, bu qərar bir qədər qeyri-adi səslənsə də, hazırda insanlara kömək etmək istəyini güclü şəkildə hiss edir. Bu seçimə onu 2024-cü ildə anasının vəfatı gətirib. Kidman bildirib ki, həmin vaxt ailə bütün səylərinə baxmayaraq, anasına lazım olan emosional dəstəyi tam təmin edə bilməyib.
“Həyatın yalnız başlanğıcına deyil, sonuna da qayğı göstərmək çox vacibdir,” — deyə Nikol Kidman vurğulayıb.
Onun sözlərinə görə, cəmiyyətə sadəcə yanında olan, sakit şəkildə dəstək verən və qorxunu azaldan insanlara ehtiyac var.

Bu qərara aktrisanın atasının fəaliyyəti də təsir edib. O, 2014-cü ilə qədər ağır xəstəlik mərhələsində olan pasiyentlərə kömək edib və həyatının sonunda Kidmana insanların bir-birinə dəstəyinin ən böyük dəyər olduğunu deyib.
Qeyd olunur ki, bu sahəyə maraq göstərən təkcə Kidman deyil. Rejissor Xloya Jao da ölüm qorxusu ilə mübarizə aparmaq üçün bu istiqamətdə addım atdığını açıqlayıb.