İnsan alverinə görə 50 ay həbs cəzası alan P. Diddy islah müəssisəsinə köçürülüb
Amerikalı reper Şon Kombs (P. Diddy) insan alveri ittihamı ilə 50 ay müddətinə azadlıqdan məhrum edildikdən sonra daha aşağı təhlükəsizlik səviyyəli və narkomaniya müalicə proqramı olan Nyu-Cersi ştatındakı cəza müəssisəsinə köçürülüb.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı ABŞ Federal Həbsxanalar Bürosunun nümayəndəsinə istinadla yayıb.
Bundan əvvəl 55 yaşlı reper Nyu-Yorkun Bruklin şəhərindəki “Metropoliten” həbs mərkəzində saxlanılırdı. İndi o, Fort-Diks hərbi bazasında yerləşən federal həbsxanaya köçürülüb və cəzasının qalan hissəsini orada çəkəcək.
ABC Newsun məlumatına görə, P. Diddy 2028-ci il mayın 8-də azadlığa çıxmalıdır.
Əgər o, həbsxanada narkomaniya müalicə proqramını uğurla başa vurarsa, cəzası bir il azaldıla bilər.
Xatırladaq ki, oktyabrın əvvəlində reper insanların fahişəlik məqsədilə daşınması ittihamı ilə 4 il 2 ay həbs cəzasına məhkum edilib.
Martın əvvəlində isə ona qarşı dörd qadın tərəfindən seksual zorakılıq iddiası ilə məhkəmə iddiaları qaldırılıb. İddiaçılardan biri, Kendra Haffoni, 2000-ci illərin sonunda VH1 kanalında yayımlanan realiti-şouda iştirak edərkən reper tərəfindən zəhərləndiyini və cinsi hərəkətlərə məcbur edildiyini bildirib.
Digər üç qadın da oxşar zəhərlənmə və zorakılıq halları barədə bəyanat verib.