Ankarada Türkiyə-Azərbaycan birliyinin yaratdığı imkanlar müzakirə olunur
Dekabrın 10-da Ankaradakı Hacettepe Universitetində “Cənubi Qafqazda normallaşma prosesi: Türkiyə-Azərbaycan birliyinin yaratdığı imkanlar” mövzusunda müzakirələr keçirilib.
Hacettepe Universiteti Türk Dünyası Gənclər Fondu tərəfindən Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə təşkil edilən tədbirdə diplomatlar, Hacettepe Universiteti rəhbərliyi və müəllim heyəti, ekspertlər, alimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran açaraq türk tarixinin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb və tələbələri Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin və Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün irsini və vəsiyyətlərini xatırlamağa çağırıb. O, Hacettepe Universitetinin fəxri elmlər doktoru adının vaxtilə dahi Heydər Əliyevə verilməsi faktından qürur duyduğunu bildirib.
Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev bildirib ki, 44 günlük Vətən müharibəsindəki Zəfər fonunda regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. C.Vəliyev Bakı ilə Ankaranın regionda və beynəlxalq səviyyədə siyasətinin sıx koordinasiyanın əhəmiyyətini qeyd edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki qardaş ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. “Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur. Bu mövzuda tədbirlər və müzakirələr ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir”, - deyən səfir universitet tələbələrini bu əməkdaşlığa əllərindən gələn töhfəni verməyə çağırıb.
Tədbir panel müzakirələrlə davam etdirilib. (azərtac)
