“Azərişıq”ın bir sıra vəzifəli şəxslərinə maliyyə sanksiyası tətbiq edildi
“Azərişıq” ASC barəsində elektrik təchizatının təşkili və istehlakçılarla iş zamanı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar araşdırma aparılıb.
Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Agentlik qanunvericiliklə müəyyən edilmiş təbii inhisar subyektlərinin fəaliyyət sahələrində Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bu çərçivədə qurum təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də istehlakçıların maraqlarına mənfi təsir göstərə biləcək halların qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirir.
Bu səlahiyyətlər çərçivəsində vətəndaş müraciətləri, həmçinin Agentliyin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məsələlərini Tənzimləmə Agentliyindən daxil olmuş məlumatlar əsasında “Azərişıq” ASC barəsində elektrik təchizatının qanunvericiliyin tələblərinə uyğun təşkili ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, elektrik təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğun təmin edilməsi, habelə istehlakçıların hüquq və maraqlarının qorunması zərurəti nəzərə alınaraq iş qaldırılıb.
İşin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə onun Rəqabət Komissiyası tərəfindən baxılması prosesinə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələri də cəlb olunub.
İşə baxılması zamanı müəyyən edilib ki, istehlakçılarla istifadə olunmuş elektrik enerjisinə görə hesablaşmalar və bildirişlərin təqdim edilməsi sahəvi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Həmçinin elektrik təchizatının dayandırılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət olunmalıdır.
Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində “Azərişıq” ASC-yə icrası məcburi olan göstəriş verib.
Xüsusilə şirkətə elektrik təchizatını sahəvi qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək, istehlakçılara göndərilən hesab-fakturalarda və bildirişlərdə elektrik enerjisinə görə mövcud borcu göstərmək, eləcə də istehlakçılara ünvanlanan yazılı xəbərdarlıqlarda profil qanunvericiliyinin tələblərinə uyğun dəyişikliklər etmək tapşırılıb.
Bundan başqa, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal regional rayon enerji təchizatı və satışı idarələrinin rəislərinə, həmçinin onların enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyaları tətbiq olunub.
Qeyd edilir ki, hazırda “Azərişıq” ASC elektrik təchizatı sahəsində sahəvi qanunvericiliyin tələblərinə əməl olunması və abonentlərlə işin daha səmərəli təşkili üçün zəruri tədbirlər görür.