Bakıda şadlıq sarayı bağlandı - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında yerləşən “Səbinə” şadlıq sarayında yanğın təhlükəsizliyi sahəsində bir sıra pozuntular aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, obyektdə avtomatik yanğın siqnalizasiya sistemi tam quraşdırılmayıb, elektrik təchizatı “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun deyil, ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, şlanqlar və lülələr mövcud deyil. Həmçinin su ehtiyatı üçün yanğın rezervuarı yoxdur və təxliyə planı hazırlanmayıb.
“Hazırkı vəziyyət göstərir ki, obyektin istismarının davam etdirilməsi mümkün yanğın zamanı alovun sürətlə yayılmasına və qaçılmaz faciəyə səbəb ola bilər,” — deyə məlumatda qeyd olunub.
Aşkarlanmış pozuntular nəzərə alınaraq “Səbinə” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.