Azərbaycanda “Od çərşənbəsi” qeyd olunur
Bu gün Azərbaycanda Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə – “Od çərşənbəsi” qeyd edilir.
Bu çərşənbə “Su çərşənbəsi”ndən sonra gəlir və yazın gəlişini simvolizə edən mühüm mərhələlərdən sayılır.
Türk dünyagörüşündə od müqəddəslik rəmzi hesab olunur. İnanclara görə, od insanı pislikdən qoruyur, onu təmizləyir və xeyirin qələbəsinə inam yaradır. “Od çərşənbəsi”nin əsas mənası da məhz bu təmizlənmə və yenilənmə ideyası ilə bağlıdır.
Bu gün ənənəvi olaraq tonqallar qalanır və insanlar onların üzərindən tullanırlar. Xalq inanclarına görə, bu hərəkət insanı bütün bəlalardan və uğursuzluqlardan xilas edir. Digər çərşənbələrdə olduğu kimi, bu gündə də ocaqlarda müxtəlif şirniyyatlar və təamlar hazırlanır.
Qədim zamanlardan insanlar oda xüsusi ehtiramla yanaşıb və onu qoruyublar. Qala divarlarında tonqal qalamaq hansısa mühüm hadisənin baş verdiyini göstərirdi. Bu motiv “Dədə Qorqud” dastanında da aydın şəkildə əks olunur.
Ocağa yaxınlaşarkən onu salamlamanın vacib olduğu, alov tüstülənərsə uzaqdan qonaq gələcəyinin, ocaqda odunların xışıltı verməsinin isə kimsənin sənin haqqında danışdığını göstərdiyi ilə bağlı inanclar da mövcuddur.
Od Novruzdan əvvəlki bütün çərşənbələrin əsas leytmotividir.
Bu il Azərbaycanda “Yel çərşənbəsi” 10 martda, “Torpaq çərşənbəsi” isə 17 martda qeyd olunacaq. Yaz fəsli isə 20 mart saat 18:45:53-də Bakı vaxtı ilə başlayacaq.