Bu ölkədə barmaqarası başmaq geyinmək qadağan edildi - FOTO
İtaliyanın ən məşhur turizm məkanlarından biri olan Çinkve-Terre Milli Parkında turistlər üçün sərt qaydalar tətbiq edilir.
Hər il milyonlarla ziyarətçini qəbul edən parkda yürüş marşrutlarına uyğun olmayan ayaqqabı ilə daxil olanlara 2500 avroyadək cərimə kəsilir. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 4854 manat təşkil edir.
İtaliyanın şimal-qərbində yerləşən Çinkve-Terre rəngarəng sahil qəsəbələri və mənzərəli yürüş yolları ilə tanınır. Lakin son vaxtlar ərazidə bədbəxt hadisələrin artması səbəbindən park rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirib.
Qaydalara əsasən, yürüş marşrutlarında barmaqarası başmaq, sandal və digər uyğun olmayan ayaqqabılarla hərəkət etmək qadağandır. Yoxlamalar zamanı bu tələbə əməl etməyən turistlər 2500 avroyadək cərimə oluna bilər.
Rəsmilər bildiriblər ki, sürüşkən və çətin relyefli yürüş yollarında uyğun olmayan ayaqqabı geyinmək ciddi xəsarətlərə səbəb ola bilər. Buna görə ziyarətçilərə parka yalnız rahat və təhlükəsiz yürüş ayaqqabısı ilə gəlmək tövsiyə olunur.
Çinkve-Terredə nəzarət təkcə ayaqqabı ilə bağlı deyil. Turist sıxlığını azaltmaq məqsədilə bəzi yürüş marşrutlarında tək istiqamətli hərəkət qaydası da tətbiq edilir.

Xüsusilə yaz və yay aylarında çox ziyarət edilən Monterosso–Vernazza marşrutunda müəyyən saatlarda turistlərin yalnız bir istiqamətdə hərəkətinə icazə verilir. Bununla həm sıxlığın, həm də mümkün qəzaların qarşısının alınması hədəflənir.
Milli parkda yürüş etmək istəyənlər, həmçinin “Çinkve-Terre kartı” almalıdırlar. Gündəlik ödənişlə satılan bu kart yürüş yollarından və parkın bəzi xidmətlərindən istifadə üçün məcburidir.
Rəsmilər yay mövsümünün başlaması ilə qaydaların yenidən xatırladıldığını və yoxlamaların artırıldığını bildiriblər. Parka səfər etməyi planlaşdıran turistlərə çamadana başmaq deyil, uyğun yürüş ayaqqabısı qoymaq tövsiyə olunur.