Hörmüz gərginliyi aviasiyanı vurdu - uçuşlar azalır
Dünya üzrə aviaşirkətlər yanacaq qiymətlərinin kəskin artması səbəbindən reyslərin sayını azaltmağa və bəzi təyyarələri istismardan çıxarmağa başlayıb.
Bloomberg yazır ki, aviaşirkətlər “stratosfer səviyyəsinə çatan” yanacaq qiymətləri ilə mübarizə aparmaq üçün getdikcə daha çox reysləri ləğv edir və uçuşları dayandırır. Nəşr qeyd edir ki, sərnişinlər yaxın aylarda daha çox çətinliklərlə üzləşə bilər.
Məlumata görə, Niderlandın KLM aviaşirkəti yaxın zamanda Amsterdamdan 80 cüt reysi ləğv edəcək. Oxşar addımları daha əvvəl United Airlines, Lufthansa və Cathay Pacific Airways də atıb.
Analitik şirkət Ciriumun məlumatına əsasən, may ayında qlobal uçuş sayı artıq 3 faiz azalıb və bu, son deyil — müəyyən şərtlərdə azalma davam edə bilər.
Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, Avropada aviasiya yanacağı ehtiyatı təxminən altı həftəlikdir. Avropa İttifaqı da yaxın dövrdə yanacaq təchizatında problemlərin yarana biləcəyini istisna etmir.
Qeyd olunur ki, Hörmüz boğazında gərginlik davam edərsə, vəziyyət daha da ağırlaşa bilər və Aİ artıq buna qarşı birgə fəaliyyət planı hazırlayır.