DÇ-2026-da qeyri-adi qalmaqal: futbolçu ata olmaq üçün komandanı tərk etdi - FOTO
DÇ-2026-da Belçika millisinin futbolçusu Jeremi Doku ətrafında qalmaqal yaranıb. Futbolçu ilk övladının dünyaya gəlməsi zamanı həyat yoldaşının yanında olmaq istədiyini deyəndən sonra tənqid hədəfinə çevrilib, Marie Claire yazır.
Doku jurnalistlərlə söhbətində həyat yoldaşının hamiləliyin son mərhələsində olduğunu bildirib və əlavə edib ki, Belçika millisi turnirdə çıxışını davam etdirsə belə, doğum zamanı evə qayıtmaq istəyir.
“Bu, mənim ilk övladımdır və mütləq yanında olmaq istəyirəm. Məndən nə istədiyimi soruşsalar, cavab aydındır: heç kim ilk övladının doğumunu qaçırmaq istəməz”, — deyə futbolçu bildirib.
Lakin onun bu sözləri birmənalı qarşılanmayıb. L'Equipe telekanalının aparıcısı Frans Pyerron Dokunu tənqid edərək dünya çempionatının futbolçu üçün nadir fürsət olduğunu deyib. Onun doğum zamanı atanın rolunu kiçildən fikirləri isə sosial şəbəkələrdə böyük etiraz yaradıb.

Frans Pyerron
Bir çox azarkeşlər Dokunun qərarını müdafiə edib və futbolçunun həyat yoldaşının yanında olmaq istəyini təbii qarşılayıblar. Onlar bildiriblər ki, belə həssas anda qadının yanında yaxın insanının olması vacibdir.

Qalmaqaldan sonra L'Equipe rəsmi açıqlama yayaraq Doku və onun həyat yoldaşından üzr istəyib. Telekanal aparıcının mövqeyini bölüşmədiyini və səslənən fikirlərdən komandanın da təəccübləndiyini bildirib.
CGTV-nin məlumatına görə, qalmaqaldan sonra Frans Pyerron efirdən uzaqlaşdırılıb. O, iyunun 29-da çalışdığı verilişin buraxılışını aparmayacaq.
Daha sonra Pyerron sosial şəbəkədə mövqeyini yumşaldaraq bildirib ki, heç vaxt ataların həyat yoldaşı və övladı yanındakı rolunu kiçiltmək niyyətində olmayıb. O, sözlərinin bəzi insanları incidə biləcəyini anladığını və buna görə təəssüfləndiyini qeyd edib.
Doku isə planını həyata keçirə bilib. O, xəstəlik səbəbi ilə İranla matçı buraxıb və həyat yoldaşının yanına gedib. Cütlüyün oğlu dünyaya gəlib və uşağa Preys adı verilib.