Buffon postunu tərk etdi
Keçmiş İtaliya millisinin qapıçısı Cianluici Buffon milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrıldığını açıqlayıb.
“İtaliyanın Bosniya və Herseqovinaya məğlubiyyəti rəsmiləşən kimi bu vəzifədən getmək istəyirdim. Amma qərarımı bir daha düşünməyimi xahiş etdilər. Qravina prezident postundan getdikdən sonra artıq düzgün hesab etdiyim addımı sərbəst şəkildə ata bilərəm. Məqsədimiz İtaliyanı Dünya Kubokuna çıxarmaq idi və biz buna nail olmadıq. Hesab edirəm ki, növbəti rəhbərlik komandası mənim yerimə kimin gələcəyini sərbəst seçməlidir.”
Çərşənbə axşamı İtaliya yığması Bosniya və Herseqovina ilə keçirilən pley-off oyununda (1:1, penaltilər — 4:1) məğlub olaraq 2026 Dünya Kubokuna vəsiqə qazana bilməyib.
Beləliklə, İtaliya millisi ardıcıl 3-cü dəfə Dünya Kubokundan kənarda qalıb. Komanda sonuncu dəfə 2014-cü ildə turnirdə iştirak edib.
Qeyd edək ki, Buffon bu vəzifəni 2023-cü ildən icra edirdi.