Hərbi xidmət sahəsində yenilik – Qadınlar üçün 3 illik müqavilə ləğv olunur
Qadınlarla bağlanan ilkin hərbi müqavilənin müddəti 3 ildən 6 aya endiriləcək.
Bu dəyişiklik “Hərbi xidmət keçmə haqqında Əsasnamənin təsdiqi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif olunan əlavələrdə əksini tapıb və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların adaptasiya prosesini daha səmərəli təşkil etmək və mövcud praktiki çətinlikləri aradan qaldırmaqdır.
Qeyd olunub ki, qüvvədə olan qanuna əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilənlər, o cümlədən qadınlar üçün ilkin müqavilə müddəti 3 il müəyyən edilib. Bu norma həmçinin “Hərbi xidmət keçmə haqqında Əsasnamə”də də təsbit olunub.
Vurğulanır ki, kişilər müddətdən artıq xidmətə qəbul olunmazdan əvvəl artıq müddətli hərbi xidmət keçərək hərbi mühitə uyğunlaşma mərhələsini başa vururlar. Qadınlar isə müddətli xidmət keçmədən birbaşa müddətdən artıq xidmətə qəbul edilir və ilkin mərhələdə adaptasiya çətinlikləri ilə üzləşirlər. Onlarla dərhal 3 illik müqavilə bağlanması adaptasiya dövrü olmadan uzunmüddətli öhdəlik götürülməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə və digər obyektiv səbəblərdən vaxtından əvvəl ehtiyata buraxılma halları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Bu səbəbdən qanun layihəsində qadınlar üçün ilkin müqavilə müddətinin 3 ildən 6 aya endirilməsi təklif olunur. Gözlənilir ki, dəyişiklik qadın hərbi qulluqçuların adaptasiya imkanlarını artıracaq, kadr axınının qarşısını alacaq və xidmətin təşkili effektivliyini yüksəldəcək.