Milyonlar xərclənən layihə batır?- Novxanı–Pirşağı–M1 magistral avtomobil yolu və tikilməkdə olan körpü su altında qaldı-VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilməkdə olan magistral yolda yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Böyük ümidlərlə başlanan layihənin bir hissəsi hazırda tamamilə su altında qalıb. Hətta yeni tikilməkdə olan körpü və yolun özü də suyun içindədir. Nəticədə tikinti işləri tam dayandırılıb.
Bu barədə Denmedia.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Suyun səviyyəsinin 3 metrdən çox olduğu bildirilir. Yol keçilməz vəziyyətə düşüb, texnikaların fəaliyyəti mümkün deyil. Problemin digər acı tərəfi isə yaxınlıqdakı yaşayış binalarının sakinlərinin üzləşdiyi ağır şəraitdir. Günlərlə ərazidə qalan çirkli su antisanitar vəziyyət yaradıb, ətrafa yayılan üfunət iyi insanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. Yayın qızmar istisində bu vəziyyət daha da dözülməz hal alıb. Dövlət vəsaiti hesabına həyata keçirilən strateji yol layihəsində belə mənzərənin yaranması olduqca acınacaqlıdı.
AAYDA-nin sözcüsü Anar Nəcəfli bildirib ki, qeyd olunan ərazidə yağış və çirkab sularının yığılması, həmin ərazi üzrə yağış və kanalizasiya sularının kənarlaşdırılması və idarə olunması sistemində mövcud problemlərlə bağlıdır. Hazırda ətraf ərazilərdən daxil olan yağış və çirkab suları layihə üzrə yolun keçəcəyi hissə də daxil olmaqla geniş bir sahədə toplanır ki, bu da tikinti işlərinin təhlükəsiz və texniki normalara uyğun aparılmasına maneə yaradır. Tikinti işlərinin mövcud şəraitdə davam etdirilməsi zəruri hesab edilmir.Yağış və çirkab sularının idarə olunması ilə bağlı problem tam aradan qaldırıldıqdan, ərazi tikinti işlərinin aparılması üçün əlverişli vəziyyətə gətirildikdən sonra tərəfimizdən sözügedən hissədə yol tikintisi işləri dərhal bərpa ediləcək və layihə təsdiq edilmiş qrafikə uyğun davam etdiriləcəkdir.
Abşeron Su Meliorasiya sistemlərinin istismarı idarəsindən isə bildirilib ki, sözügedən məsələ ilə bağlı , intensiv yağan yağışlar zamanı Xırdalan şəhəri subasmaya məruz qalmasın deyə Ceyranbatan su anbarının mühafizə zolağında yerləşən süni yaradılmış bufer gölə yağış suları yönəldilib. Hal-hazırda suyun kənarlaşdırılması istiqamətində işlər aparılır və gələcəkdə intensiv yağışlar zamanı bu halın baş verməməsi üçün layihənin icrasına başlanılıb.
Nizami Rəsulov
Denmedia.az
nizami