12 saatda iki ölüm: yırtıcı hücumları bölgəni qorxuya saldı
Hindistanın Maharashtra ştatında pələnglər bir gün ərzində iki nəfəri parçalayıb. Hadisə barədə The Times of India məlumat yayıb.
Hər iki hücum 27 və 28 fevral tarixlərində Çandrapur rayonunda baş verib və aralarında cəmi 12 saat fərq olub. Cümə axşamı axşam saatlarında 60 yaşlı Kaşinat Lonbale Varnat kəndindən meşəyə odun toplamaq üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra onun vəhşi pişik hücumunun izləri ilə cansız bədəni tapılıb.
Ertəsi gün səhər isə pələng 45 yaşlı Sunita Bhoyara hücum edib. Qadın digər işçilərlə birlikdə pambıq tarlasında işləyərkən meşə kənarında dayanmışdı.
Bu zaman kolluqlardan qəfil çıxan pələng qadına hücum edib. İş yoldaşları heyvanı qovmağı bacarsalar da, Bhoyar ağır xəsarətlər alıb.
Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisələrdən sonra ərazidə patrul nəzarəti gücləndirilib, həmçinin fototələlər və videokameralar quraşdırılıb. The Times of India yazır ki, bu ilin əvvəlindən bölgədə yırtıcı pişiklərin hücumları nəticəsində ölənlərin sayı altıya çatıb. Onlardan bir nəfər bəbirin, qalanları isə pələnglərin hücumu nəticəsində həyatını itirib.