Ağ Evin varisi videobağlantı zamanı zorakılığın qarşısını aldı
ABŞ Prezidenti Donald Trampın oğlu Barron Tramp ötən ilin yanvarında videobağlantı zamanı yaxın münasibətdə olduğu qıza qarşı hücumun şahidi olduqdan sonra London polisini çağırıb. Bu barədə The New York Times məhkəmə materiallarına istinadən yazır.
Yanvarın 18-nə keçən gecə Ağ Evin rəhbərinin oğlu öz adını açıqlamadan təcili xidmət operatoruna zərərçəkənin adını və ünvanını bildirib, vəziyyətin təcili olduğunu xüsusi vurğulayıb.
“Mən ABŞ-dan zəng edirəm. Az əvvəl bir qız mənə zəng etdi, bilirsiniz, onu döyürlər”, — Trampın o gecə dediyi sözlər məqalədə sitat kimi verilir.
Zərərçəkmiş qadın sonradan məhkəmədə bildirib ki, bu zəng “sanki ilahi bir işarə” olub və onun həyatını xilas edib, çünki özünün polisə zəng etmək cəhdləri yarımçıq kəsilib.
İş üzrə təqsirləndirilən şəxs Rusiya vətəndaşı Matvey Rumyantsevdir. O, ittihamları qəbul etmir və qadının aqressiv davrandığını iddia edir. Ona qarşı zorlamaya cəhd, boğma və zərərçəkəni ittihamlardan imtina etməyə məcbur etmək kimi ağır maddələr irəli sürülüb.
Barron Tramp məhkəmə prosesində şəxsən iştirak etməyəcək. Lakin onun təcili xidmətə etdiyi zəngin audioyazısı və sonradan polisə göndərdiyi məktub sübut kimi istifadə olunacaq. Elektron məktubda o, qadını “çox yaxın olduğu” biri kimi təsvir edib və onunla sosial şəbəkələr vasitəsilə tanış olduğunu qeyd edib.