Vaterloo mirası oğurlandı: Napoleonun brilyantlı üzüyü yoxa çıxdı
Belçikanın Jenap şəhərində yerləşən “Napoleonun Son Qərargahı” muzeyi çərşənbə axşamı, 17 dekabr axşamı qarət olunub.
Bu barədə RTBF telekanalı məlumat yayıb.
Məlumata görə, iki nəfər cinayətkar binaya pəncərədən daxil olub. Onlar içəridə bir neçə vitrini sındıraraq eksponatları çıxarıblar. Nəticədə kolleksiyaya aid bir sıra qiymətli əşyalar oğurlanıb.
Oğurlananlar arasında 18 karat qızıldan hazırlanmış, üzərində beş brilyant olan qızıl üzük də var. Tarixi mənbələrə görə, bu üzük 1815-ci il 18 iyunda Vaterloo döyüşündə Napoleonun məğlubiyyətindən sonra tapılıb və imperatorla əlaqələndirilir. Bundan başqa, Napoleon dövrünə aid qızıl və gümüş sikkələr də oğurlanan əşyalar sırasındadır.
Oğurlanmış əşyaların bazar dəyəri açıqlanmayıb.
Hadisə ilə bağlı polisə müraciət edilib, Valon Brabant prokurorluğu fakt üzrə istintaqa başlayıb.