Milad səhnəsində “canlanan” fiqurun sirri hamını şoka saldı
İtaliyanın Qalatone şəhərinin meri Flavio Filoni Milad bayramına həsr olunmuş İsa Məsihin doğum səhnəsində gizlənən qaçaq cinayətkarı aşkar edib. Bu barədə The Times qəzeti yazır.
Filoni bildirib ki, şəhər meydanında gəzərkən Milad bayramı üçün qurulmuş dini səhnəyə diqqət yetirib. Onun sözlərinə görə, səhnədə İosif, Məryəm, körpə İsa və bir çoban fiqurundan başqa, əvvəllər görmədiyi daha bir “çoban” da var idi.
Mer qeyd edib ki, fiqurlardan biri saman bağlamalarının arasında, körpənin beşiyinin sağ tərəfində, əllərini yuxarı qaldırmış vəziyyətdə dayanırdı. O qədər real görünürdü ki, Filoni artıq bu səhnəni yaradan şəxsə zəng edib heyranlığını bildirməyi düşünürmüş. Lakin qəfil “fiqur” hərəkət edəndə mer bunun heykəl yox, canlı insan olduğunu anlayıb.
Filoni kişidən hər şeyin qaydasında olub-olmadığını soruşub. Həmin şəxs isə Milad səhnəsində gecələmək istədiyini deyib. Daha sonra o, səhnədən çıxaraq yaxınlıqdakı kilsəyə gedib və orada soyunmağa cəhd edib. Bu zaman hadisə yerinə polis gəlib və həmin şəxs saxlanılıb.
Məlum olub ki, həmin şəxs 38 yaşlı qaçaq cinayətkardır. O, Bolonya şəhərində törətdiyi hücuma görə doqquz ay həbs cəzasına məhkum edilib, lakin sonradan ədalətdən qaçıb. Mer Filoni etiraf edib ki, cinayətkarın niyə məhz Qalatone şəhərini və üstəlik şəhərin ən çox ziyarət edilən yerini gizlənmək üçün seçdiyini hələ də anlaya bilmir.