Avropada isti dalğası: ən çox ölüm Fransada qeydə alındı
Fransa, Belçika və Niderlandda iyun ayında müşahidə olunan anomal istilər zamanı azı 3700 izafi ölüm qeydə alınıb.
Bu barədə Reuters ilkin rəsmi məlumatlara istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, güclü istilər təxminən 20-28 iyun tarixlərində davam edib və Avropada ən ağır isti dalğalarından biri kimi qiymətləndirilib.
Yüksək temperatur bir neçə ölkədə səhiyyə sisteminə, infrastruktura və gündəlik həyata ciddi yük yaradıb.
Ən çox izafi ölüm Fransada qeydə alınıb. Ölkədə bu göstərici 2025 nəfər təşkil edib. Belçikada ilkin hesablamalara görə, təxminən 1200, Niderlandda isə 480 izafi ölüm qeydə alınıb.
Hakimiyyət orqanları məlumatların hələ yekun olmadığını bildirir. Ölüm statistikası dəqiqləşdirildikdən sonra rəqəmlərin arta biləcəyi istisna edilmir.
Mütəxəssislər bildirirlər ki, belə hava şəraitində ən həssas qruplar yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və sərin məkanlara çıxışı olmayanlardır.
Uzun müddət davam edən yüksək temperatur ürək və tənəffüs sisteminə əlavə yük yarada bilər.
Avropa ölkələri son illər ekstremal hava hadisələri ilə daha tez-tez üzləşir. İyun istiləri bir daha göstərib ki, uzunmüddətli yüksək temperatur hətta güclü tibbi infrastruktura malik inkişaf etmiş ölkələr üçün də ciddi təhlükə yarada bilər.