Daşıyıcılar risk etmir: Hörmüzdən keçən gəmilər azaldı
ABŞ və İran arasında gərginliyin artması fonunda Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı kəskin azalıb.
Bloomberg dəniz daşımalarının izlənməsi xidmətlərinə istinadən yazır ki, 27 iyunda boğazdan 28 gəmi keçdiyi halda, 28 iyunda bu rəqəm cəmi 12-yə düşüb.
Nəşrin məlumatına görə, daşıyıcı şirkətlər ABŞ-İran münasibətlərinin daha da gərginləşməsindən ehtiyat edir. Bəzi gəmi sahibləri bütün planları müvəqqəti dayandırdıqlarını, digərləri isə Hörmüz boğazına yaxınlaşsalar da, oradan keçməyə risk etmədiklərini bildiriblər.
Müqayisə üçün, 24 iyunadək bu su arteriyasından 58 gəmi keçib. Bloomberg qeyd edir ki, bu, ABŞ-ın fevralda İranda hərbi əməliyyata başlamasından sonra boğazdan keçən ən yüksək gəmi sayı olub.