Reha Muhtar keçmiş həyat yoldaşı ilə bağlı bu vəsiyyəti etmişdi: “cənazəmə gəlməsin” - FOTO
Jurnalist Uğur Dündar tanınmış aparıcı Reha Muhtarın vəfatından sonra yayımladığı mesajda diqqətçəkən ifadələr işlədib.
Dündar bildirib ki, Reha Muhtarın Bodrumda müalicə aldığı xəstəxananın rəsmiləri ilə danışıb. Onun sözlərinə görə, Muhtar reanimasiya şöbəsində olub, ürək çatışmazlığı yaşayıb, ayaqlarında ödəm və yaralar yaranıb, ağciyərində isə infeksiya aşkarlanıb. Jurnalist Muhtarın vəziyyətinin kritik olduğunu qeyd edib.

Uğur Dündar bildirib ki, Reha Muhtarın təxminən 2 il əvvəl keçirdiyi beyin qanamasından sonra sağalması üçün böyük səylər göstərilib. Onun sözlərinə görə, Muhtar sonrakı dövrdə övladlarını, xüsusilə də oğlu Poyrazı görə bilməməyin və bu yolda apardığı mübarizəni itirməyin ruhi sarsıntısını yaşayıb.
Dündar mesajında bu ifadələrə yer verib:
“Və içinə qapandı. Onsuz da yapayalnız idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.
Qeyd edək ki, Reha Muhtar əkiz övladlarının anası Deniz Uğur ilə 2010-cu ildə protokol imzalayaraq ayrılmışdı. Protokola əsasən, əkiz uşaqlar Mina Deniz və Poyraz Denizin qəyyumluğunun 18 yaşına qədər ataları Reha Muhtarda qalması barədə razılıq əldə olunmuşdu.
Protokolda həmçinin Deniz Uğurun uşaqlarını istədiyi vaxt Muhtarın yalısında görə biləcəyi və yalını iki gün istifadə edə biləcəyi maddəsi də yer almışdı.
Reha Muhtar 20 avqust 2024-cü ildə evində yıxılaraq beyin qanaması keçirmiş və intubasiya olunmuşdu. Uzun müddət reanimasiyada müalicə alan Muhtar daha sonra xəstəxanadan buraxılmışdı.
Muhtarın həyat mübarizəsi apardığı günlərdə Deniz Uğur oğlu Poyrazın qaçırıldığını iddia edərək sənətçi Nilüfəri və onun qızını ittiham etmişdi. Nilüfər isə bu iddiaları böhtan adlandırmışdı. İtkin olduğu iddia edilən Poyraz da yayımladığı videoda qaçırılmadığını bildirmişdi.

Reha Muhtarın keçmişdə Deniz Uğur haqqında yazdığı paylaşım da vəfatından sonra yenidən gündəmə gəlib.
Muhtar ötən il paylaşımında belə yazmışdı:

“Məni sevənlərə vəsiyyətimdir, ölərəmsə, Deniz Uğur cənazəmə gəlməsin”.