Ebola yenidən yayılır: Konqoda yoluxma sayı artır - FOTO
Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi və Şimali Kivu əyalətlərində yenidən yayılan Ebola epidemiyasında yoluxma sayı artır.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Jan Kaseya bildirib ki, 15 mayda ölkədə elan edilən Ebola epidemiyası çərçivəsində indiyədək 1077 yoluxma halı qeydə alınıb.
Onun sözlərinə görə, yoluxanlardan 246 nəfər həyatını itirib.
Kaseya epidemiyanın hələ də aktiv olduğunu vurğulayıb və qarşıdakı dövrdə yoluxma sayında artım gözlədiklərini bildirib.
O qeyd edib ki, təmaslı şəxslərin izlənməsi, nəzarət tədbirlərindəki boşluqlar və laboratoriya imkanlarının məhdudluğu epidemiya ilə mübarizədə ciddi çətinliklər yaradır.
Qonşu Uqandada da 8 Ebola halı qeydə alınıb. Kaseya bildirib ki, Cənubi Sudan, Ruanda, Keniya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Efiopiya, Anqola, Konqo Respublikası, Burundi və Somali də epidemiyadan təsirlənmə baxımından yüksək risk altındadır.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində 246 şübhəli hal və 65 ölüm qeydə alındıqdan sonra 15 mayda ölkədə epidemiya elan edilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı isə 17 mayda Ebola epidemiyası ilə əlaqədar beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiya Ebolanın nadir variantlarından biri olan “Bundibugyo” virusu ilə bağlıdır. Bu variant üçün hazırda təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur.

Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikasında eyni vaxtda baş verən epidemiyalar zamanı aşkarlanıb. Xəstəlik Konqodakı Ebola çayı yaxınlığında yerləşən kənddə yayıldığı üçün bu adla tanınıb.
Virus daha sonra 2013-cü ilin dekabrında Qərbi Afrikada geniş yayılıb. Qvineya, Liberiya və Syerra-Leonedə 2014–2017-ci illərdə baş verən epidemiyada təxminən 30 min nəfər virusa yoluxub, onların 11 mindən çoxu həyatını itirib.