ÜST kruiz gəmisindəki virus qorxusuna aydınlıq gətirdi: “Bu COVID deyil”
"MV Hondius" kruiz laynerində yayılan Andes hantavirusu koronavirus deyil. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus bildirib. O vurğulayıb ki, bu virusa yoluxma riski hələ də aşağı olaraq qalır.
O deyib:
Bu xəstəlik COVİD deyil və biz Ümumdünya Səhiyyə Təşkilatı olaraq bunu dəfələrlə bəyan etmişik. Bunu deyərkən məsələyə heç də yüngül yanaşmırıq.
Gebreyesusun sözlərinə görə, ictimai narahatlığı anlamaq mümkündür. O xatırladıb ki, pandemiyanın nəticələri insanların yaddaşında hələ də təzədir. Bununla belə, ÜST rəhbəri hazırda vəziyyətin xeyli yaxşı olduğunu bildirib.
ÜST rəhbəri əlavə edib ki, hantavirusa yoluxma riski həm qlobal miqyasda, həm də laynerin çatmalı olduğu Kanar adalarının sakinləri üçün aşağı olaraq qalır. Onun sözlərinə görə, bu, həm xəstəliyin xüsusiyyətləri, həm də infeksiyanın yayılmasının qarşısını almaq üçün İspaniya hakimiyyətinin gördüyü tədbirlərlə bağlıdır.