Hörmüz boğazı açılırmı? Pərdəarxası diplomatiya sürətlənir
ABŞ və İranın münaqişənin nizamlanması ilə bağlı mövqeləri əslində göründüyündən daha yaxındır. Bu barədə CNN proseslə tanış mənbələrə istinadən məlumat yayıb.
Telekanal bildirir ki, tərəflər Pakistanda keçiriləcək ikinci danışıqlar raundu üçün görüşməsələr də, aralarındakı fərqlər o qədər də böyük deyil.
“Diplomatik intensivlik pərdəarxasında davam edir”
Mənbələrin sözlərinə görə, hazırkı danışıqlar mərhələli proses üzərində qurulub. Bu çərçivədə mümkün razılaşmanın ilk hissəsi müharibədən əvvəlki status-kvoya qayıdış və Hörmüz boğazının məhdudiyyətsiz və rüsumlarsız açılması ilə bağlı olacaq.
Bildirilib ki, Tehranın nüvə proqramı məsələsi daha sonra müzakirə olunacaq.
“Vasitəçilər hər iki tərəfə razılaşma əldə olunması üçün təzyiq göstərir və yaxın günlər xüsusilə həlledici olacaq”
Eyni zamanda vurğulanır ki, ABŞ-ın döyüş əməliyyatlarını bərpa etmək qərarı verməsi ehtimalı hələ də qalır.