Ərdoğan Trampı İranla sülh prosesini pozmamağa çağırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında İranla əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb və bunun davamlı sülh sazişinə çevrilməsi üçün maksimum səmərə ilə istifadə olunmasına çağırıb.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiyalar İdarəsi məlumat yayıb.
“Liderlər regionumuzda baş verən son hadisələri, ilk növbədə dünən axşam İranla elan olunan atəşkəs razılaşmasını müzakirə ediblər. Prezidentimiz razılaşmanın əldə olunmasından məmnunluğunu ifadə edərək bildirib ki, bütün dünya üçün çox çətin və ağır keçən 40 gündən sonra yaranan iki həftəlik imkan pəncərəsi davamlı sülhün əldə olunması üçün maksimum səmərə ilə istifadə edilməli və bu prosesin pozulmasına imkan verilməməlidir”, — deyə məlumatda qeyd olunur.
Ərdoğan əlavə edib ki, Türkiyə bundan sonra da dost və qardaş ölkələrlə, ilk növbədə Pakistanla birlikdə münaqişənin nizamlanması istiqamətində səylərə daha fəal dəstək verməyə davam edəcək.