Vaşinqtondan gözlənilməz addım: ABŞ husilərlə birbaşa danışıqlar aparır
ABŞ Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı – husilərlə birbaşa danışıqlara başlayıb. Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
CNN-in məlumatına görə, bu addım husilərin Qırmızı dəniz bölgəsində fəallaşdığı və Yəməndə gərginliyin artdığı bir vaxtda atılıb.
Vens Kanzas ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Vaşinqtonun regiondakı vəziyyəti diqqətlə izlədiyini deyib.
“Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hökumətləri, eləcə də regionun digər ölkələri ilə daimi dialoq aparırıq. ABŞ administrasiyası hadisələrin inkişafını diqqətlə izləyir. Bundan başqa, husilərlə birbaşa danışıqlarımız da var”, – Vens bildirib.
CNN-in məlumatına əsasən, 100-dən çox amerikalı hərbi müşavir Səudiyyə Ərəbistanına göndərilib. Onların husilərə qarşı hərbi əməliyyatlarda dəstək göstərməsi nəzərdə tutulur. Bununla belə, Pentaqonun birbaşa zərbələrdə iştirak etmədiyi və Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrə havada yanacaq doldurmadığı qeyd olunur.
Vens vəziyyətin hələ də gərgin olaraq qaldığını etiraf edib.
Yəməndə gərginlik iyulun ortalarında hökumətyönlü qüvvələrin İrandan gələn və husilərin nümayəndə heyətini daşıyan təyyarənin enişi zamanı Səna hava limanına hücum etməsindən sonra daha da artıb. Husilər baş verənlərə görə Səudiyyə Ərəbistanını ittiham edərək nəzarətlərindəki ərazilərə tətbiq olunan blokada aradan qaldırılanadək mübarizəni davam etdirəcəklərini bildiriblər.
Son bir həftə ərzində husilərin Yəmənin qərb və cənub-qərb istiqamətlərində irəlilədiyi bildirilir.