İçəridə XVIII əsrdən qalma “ruh” görünür? Məşhur pab satışa çıxarıldı
İngiltərənin Kent qraflığında paranormal hadisələrlə bağlı əfsanələri ilə məşhur olan “The George Inn” pabı hərraca çıxarılıb. İllərdir müəssisədə və onun ətrafında “ruhların dolaşdığı” barədə müxtəlif hekayələr danışılır.
Metro-nun məlumatına görə, pab Kenterberi yaxınlığındakı Stelling Minnis kəndində yerləşir. Ziyarətçilərin sözlərinə görə, binanın yaxınlığında uzun illərdir gecələr boğuq at nalı səslərinin eşidildiyi iddia olunur.
Yerli əfsanələrdən biri bu səsləri 1170-ci ildə Kenterberi Katedralında arxiyepiskop Tomas Beketi öldürən dörd cəngavərlə əlaqələndirir. Onların həmin gün sonradan pabın tikildiyi ərazinin yaxınlığındakı yoldan keçmiş ola biləcəyi ehtimal edilir. Bununla belə, söhbət tarixi fakt kimi təsdiqlənmiş paranormal hadisədən deyil, yerli rəvayətdən gedir.
Pabın daxilində də qəribə görüntülərlə qarşılaşdıqlarını deyənlər olub. Bəzi ziyarətçilər XVIII əsrə aid geyimdə kişi silueti, onun yaxınlığında isə “qara xəyal köpəyi” gördüklərini iddia ediblər.
Paranormal hadisələri araşdıran şəxslər müəmmalı kişi fiqurunun pabın keçmiş sahibi və ya daimi müştərilərindən birinin “ruhu” ola biləcəyini düşünürlər. Bu iddiaların elmi təsdiqi yoxdur.
XIX əsrdə tikilmiş və tarixi abidə statusuna malik bina bu ilin əvvəlində sahiblərinin biznesdən çəkilmək qərarından sonra bağlanıb. “The George Inn” üçün hərracda başlanğıc qiyməti 320 min funt sterlinq müəyyən edilib.