“Qanunsuz layihə” iddiası: Trampın portreti dollara düşə bilər
ABŞ-da bir qrup demokrat senator Prezident Donald Trampın portreti olan 250 dollarlıq əsginasın buraxılması üçün nəzərdə tutulan xərclərin yoxlanılmasını istəyib.
Bu barədə Axios məlumat yayıb.
Senatorlar ABŞ Maliyyə Nazirliyinin Baş Müfəttişliyinə müraciət edərək layihəyə ayrılması mümkün olan vəsaitin araşdırılmasını tələb ediblər.
Prezidentin opponentləri bu təşəbbüsü “qanunsuz” adlandırıblar. Onların fikrincə, amerikalılar qiymət artımı ilə üzləşdiyi bir vaxtda Maliyyə Nazirliyi resursları prezidentin şəxsi nüfuzuna xidmət edən layihəyə deyil, real iqtisadi problemlərin həllinə yönəltməlidir.
Qüvvədə olan ABŞ qanunvericiliyinə görə, sağ olan şəxslərin təsvirinin pul əsginaslarında yerləşdirilməsi qadağandır. Buna görə də belə bir əsginasın buraxılması üçün ABŞ Konqresinin ayrıca qərarı tələb olunur.
Senatorlar müfəttişlərdən layihəyə nə qədər vəsait xərclənə biləcəyini, hazırlıq prosesinə kənar tərəflərin cəlb olunub-olunmadığını və belə əsginasın buraxılmasının hüquqi əsaslarının müzakirə edilib-edilmədiyini araşdırmağı istəyiblər.
Qeyd olunur ki, müvafiq qanun layihəsi təsdiqlənəcəyi halda Əsginasların Oyma və Çap Bürosu yeni pul nişanının hazırlanmasına başlayacaq.
Bu baş verərsə, son 150 ildə ilk dəfə dollar əsginasında sağ olan prezidentin portreti yerləşdirilə bilər.
