Bəşəriyyət 30 ilə yox ola bilər - Nobel laureatı həyəcan təbili çaldı
Fizika üzrə Nobel mükafatı laureatı David Gross bildirib ki, mövcud qlobal tendensiyalar davam edərsə, bəşəriyyət yaxın 30–40 il ərzində ekzistensial təhlükə ilə üzləşə bilər. Bu barədə Daily Mail nəşri yazır.
2004-cü ildə mükafat alan alim xüsusilə nüvə müharibəsi riskinin artmasından ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, son onilliklərdə vəziyyət daha da pisləşib — geosiyasi qarşıdurmalar güclənir, ölkələr arasında gərginlik artır, silahlanmaya nəzarət mexanizmləri zəifləyir.
Gross qeyd edib ki, müasir dövrdə nüvə balansı daha mürəkkəb hal alıb. Hazırda doqquz ölkənin nüvə silahına sahib olması mümkün münaqişə riskini xeyli artırır.
Alimin fikrincə, əlavə təhlükə süni intellektin sürətli inkişafıdır. O bildirib ki, bu texnologiyalar getdikcə daha çox hərbi sistemlərə inteqrasiya olunur və bu, kritik qərarların maşınlara ötürülməsi riskini yaradır.
“Süni intellekt daha sürətli işlədiyi üçün ondan istifadə etməmək çətin olacaq. Lakin bu sistemlər səhvsiz deyil və yanlış nəticələr verə bilər,” — deyə alim vurğulayıb.
Bununla belə, Gross hesab edir ki, vəziyyəti dəyişmək hələ də mümkündür. Onun sözlərinə görə, bəşəriyyət əvvəllər də qlobal təhlükələrə reaksiya verib və kifayət qədər siyasi iradə olarsa riskləri azaltmaq olar.
“Bu təhlükələri biz yaratmışıq — və onları dayandırmaq da bizim əlimizdədir,” — deyə o əlavə edib.