2026-nın ən güclü fiqurları Time siyahısında
ABŞ prezidenti Donald Tramp, Roma Papası XIV Lev, aktyor Benisio del Toro, bloqer MrBeast (Cimmi Donaldson), aktyor və rejissor Ben Stiller, fiqurlu konkisürən Alisa Lyu və digər tanınmış şəxslər Time jurnalına görə 2026-cı ilin ən nüfuzlu insanları siyahısına daxil edilib.
Siyahı “Artistlər”, “Pionerlər”, “Titanlar”, “İkonlar”, “Liderlər” və “İnnovatorlar” olmaqla altı kateqoriyaya bölünüb.
“Liderlər” kateqoriyasında Donald Tramp və XIV Lev ilə yanaşı, Meksika prezidenti Klaudiya Şeynbaum, ABŞ dövlət katibi Marko Rubio, Kanada baş naziri Mark Karni, İsrailin baş naziri Binyamin Netanyahu, Kaliforniya qubernatoru Gevin Nyusom, MAQATE rəhbəri Rafael Qrossi, Çin lideri Si Cinpin və digər siyasətçilər yer alıb.
Bəzi siyasətçilər siyahıya dəfələrlə daxil edilib. Məlumata görə, Binyamin Netanyahu bu siyahıda beşinci dəfə yer alıb. Donald Tramp və Si Cinpin də mütəmadi olaraq siyahıya düşən fiqurlar sırasındadır.
“Artistlər” bölməsində müğənni Lyuk Kombs, aktrisalar Dakota Conson və Reya Sihorn, aktyor Conatan Qroff qeyd olunub. “Pionerlər” kateqoriyasında isə amerikalı astronavt Rid Uaysmen, The Walt Disney Company rəhbəri Coş D’Amaro, aşpaz Nensi Silverton və digərlərinin adı çəkilib.