Trampın ətrafından xəbərdarlıq - "İrana qarşı müharibə uzanmamalıdır"
ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri ona İrana qarşı müharibədən çıxış planı axtarmağı tövsiyə edir.
Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp müharibənin tezliklə başa çatacağını gözlədiyini desə də, bəzi müşavirləri neft qiymətlərinin kəskin artması fonunda münaqişədən çıxış strategiyası hazırlamağı məsləhət görürlər.
Məlumatda qeyd olunur ki, Trampı Tehranın təslim olmaq istəməməsi təəccübləndirir. Onun ətrafı hesab edir ki, ABŞ Silahlı Qüvvələrinin məqsədlərinə çatdığı göstərilərək müharibədən çıxış planı hazırlanmalıdır.
Tramp Floridada jurnalistlər qarşısında çıxış edərkən hərbi əməliyyatın “əsasən öz məqsədlərinə çatdığını” bildirib.
“Biz qrafiki xeyli qabaqlayırıq”, — deyə Tramp əlavə edib və müharibənin “çox tezliklə bitəcəyini” düşündüyünü qeyd edib.
Eyni zamanda bildirilir ki, İrana qarşı əməliyyatın ictimai dəstəyi artıq aşağıdır və münaqişə uzanarsa, bu dəstək daha da azala bilər.
Trampın qeyri-rəsmi iqtisadi müşaviri Stiven Mur isə bildirib ki, neft və qaz qiymətlərinin artması digər sahələrdə də qiymətlərin yüksəlməsinə səbəb olur.
“Qaz və neft bahalaşanda hər şey bahalaşır. Əlçatanlıq artıq problem idi və bu, ciddi çətinliklər yarada bilər”, — deyə Stiven Mur qeyd edib.