Dünyanın ən ağır qadını kimi tanınan Pollin Potter 62 yaşında dünyasını dəyişdi
ABŞ-da amerikalı realiti-şounun keçmiş iştirakçısı və bir vaxtlar dünyanın ən ağır insanı tituluna sahib olmuş Pollin Potter vəfat edib.
Bu barədə News.com portalı onun oğluna istinadən məlumat yayıb. 62 yaşlı Potterin ölümünə 2025-ci ilin əvvəlində baş verən ağır avtomobil qəzasından sonra yaranan fəsadlar səbəb olub.
Tarixə dünyanın ən ağır qadını kimi düşən Pollin Potterin çəkisi vaxtilə 307 kiloqrama çatıb. O, “600 funtluq həyatım” adlı televiziya proqramında iştirak edib. Həmin dövrdə qadın tamamilə kənar yardımdan asılı vəziyyətdə olub və yalnız yemək yemək və yuyunmaq qabiliyyətinə malik idi. Böyük əzmi sayəsində 200 kiloqramdan çox çəki atmağa nail olsa da, həyat uğrunda apardığı bu mübarizə avtomobil qəzası ilə yarımçıq qalıb.
Hadisə 2025-ci ilin yanvarında baş verib. Potterin avtomobili qaranlıq vaxtı işıqlandırılmamış qoşquya çırpılıb. Bundan sonra qadında xroniki həzm problemləri, şiddətli ağrılar, sonda isə ürək və tənəffüs çatışmazlığı inkişaf edib. Avqust ayında xəstəxanaya yerləşdirilən Potter ömrünün son günlərini hospisdə keçirib.