“Təzyiq davam edəcək” — MI6 rəhbərindən Kremlə xəbərdarlıq
Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nın yeni rəhbəri Blez Metreveli Rusiyanın “aqressiv və ekspansionist” siyasətini sərt şəkildə tənqid edib və Londonun Ukraynaya dəstəkdən imtina etməyəcəyini Vladimir Putinə açıq şəkildə çatdırıb.
The Telegraph yazır ki, Metreveli MI6-nın mənzil-qərargahından etdiyi ilk çıxışında Böyük Britaniyanın Kiyevə dəyişməz sadiqliyini vurğulayıb.
“Putin şübhə etməməlidir: bizim dəstəyimiz möhkəm qalır və Ukraynanın maraqları naminə təzyiq davam edəcək,” — deyə o bildirib.
MI6 rəhbərinin sözlərinə görə, “xaosun ixracı” Rusiyanın beynəlxalq münasibətlərə yanaşmasının sistemli xüsusiyyətidir və Kreml öz hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur edilənədək bu yanaşma davam edəcək.
Açıqlama ABŞ prezidenti Donald Tramp administrasiyasının “sülh razılaşması” və Kiyevin ərazi güzəştləri etməsini israrla gündəmə gətirdiyi bir vaxtda səsləndirilib.