Tramp administrasiyası BMT-ni hədəfə aldı: Pul missiyalara yox, maaşlara xərclənir
BMT büdcəsinin təxminən 70 faizi təşkilat əməkdaşlarının maaşlarının ödənilməsinə, yəni real missiyaların icrasına deyil, bürokratik aparatın saxlanılmasına xərclənir. Bu barədə ABŞ-ın Cenevrədəki daimi nümayəndəliyi X sosial şəbəkəsində açıqlama verib.
Amerika tərəfi Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasına çağırıb və qurumun fəaliyyətinin əsas prinsiplərinə qayıtmasının vacibliyini vurğulayıb. Tənqid BMT-nin mandatlara və inzibati aparatın saxlanmasına ayırdığı xərcləri müqayisə edən infografika ilə müşayiət olunub.
“Prezident Tramp BMT-ni bürokratiyaya deyil, nəticələrə yönəlmiş fəaliyyətə fokuslanmağa çağırır”, – deyə ABŞ-ın daimi nümayəndəliyinin bəyanatında qeyd olunur.