ABŞ-dan gizli əməliyyat: Çindən İrana gedən gəmidə hərbi yük ələ keçirildi
ABŞ-ın xüsusi təyinatlı qüvvələri noyabr ayında Çindən İrana doğru hərəkət edən yük gəmisini Hind okeanında saxlayaraq yoxlayıb.
ABŞ tərəfinin iddiasına görə, gəmidən İranın hərbi proqramı üçün nəzərdə tutulan yük müsadirə olunub. Bu barədə The Wall Street Journal amerikalı rəsmilərə istinadən yazır.
“Keçən ay ABŞ xüsusi təyinatlıları Hind okeanında gəmiyə qalxaraq Çindən İrana göndərilən hərbi təyinatlı əşyaları ələ keçirdi”, — nəşr bildirir.
Əməliyyat Şri-Lanka sahillərindən yüzlərlə mil uzaqda həyata keçirilib. Yük müsadirə edildikdən sonra gəmiyə yoluna davam etməyə icazə verilib.
Mənbələrin məlumatına görə, yük ikiqat təyinatlı məhsullardan ibarət olub və onların İranın raket proqramında istifadə edilə biləcəyi iddia edilir. Kəşfiyyat məlumatları yükün müdafiə sektoru üçün komponentlər alan İran şirkətlərinə göndərildiyini göstərib.