"Avropa İttifaqında kritik gərginlik: Rusiya aktivləri və Ukraynaya kredit planı üzrə qarşıdurma dərinləşir" - "Bloomberg"
"Belçika qərarın taleyini müəyyən edən əsas ölkəyə çevrilir..."
Avropa Komissiyası dekabrın 12-də Rusiya aktivlərinin dondurulmasının müddətinin uzadılması barədə qərarı fövqəladə səsvermə yolu ilə qəbul etdirməyə çalışır.
DenMedia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Rusiya aktivlərinin bloklanması və Ukraynaya vəsait
Nəşr qeyd edir ki, məqsəd - 210 milyard avroya yaxın aktivlərin Avropada qalmasını təmin etmək və onları gələcəkdə Ukraynanın maliyyələşdirilməsinə yönəltməkdir.
Hazırda hər altı aydan bir yenilənən dondurma proseduru vahid vetodan asılıdır. Komissiya isə bunun qarşısını almaq üçün "ixtisaslaşdırılmış çoxluq" səsverməsinə keçidi təklif edir. Bu mexanizm Rusiyanın aktivlərinin qəfil açılmasını mümkünsüz edəcək.
Ukraynanın 2026-cı ilin aprelindən gec olmayaraq yeni maliyyə paketi tələb etdiyi bildirilir. Brüssel Kiyevin növbəti iki il üçün ən azı 135 milyard avroya ehtiyac duyduğunu qəbul edir.
Belçikanın narahatlığı və "yeni Macarıstan" riski
"Politico" nəşri yazır ki, problemin ən kəskin hissəsi Belçika ilə bağlıdır. Çünki Rusiya aktivlərinin böyük hissəsi Brüsseldə yerləşən "Euroclear"da saxlanılır və baş nazir Bart de Vever bu vəsaitlərin mümkün məhkəmə çəkişmələri zamanı ölkəsinin məsuliyyət daşıyacağından ehtiyat edir.
Belçika əlavə "təhlükəsizlik yastığı" tələb edir və əgər tələblər nəzərə alınmasa, qərarı dəstəkləməyəcəyini bildirir. Bu isə Aİ daxilində ciddi narahatlıq yaradıb: diplomatik dairələr açıq mətnlə xəbərdarlıq edir ki, əgər Brüssel bloklamanı davam etdirərsə, onu Macarıstan kimi siyasi izolyasiya gözləyə bilər.
Aİ rəsmiləri bildirir ki, Belçikanın tələbləri müzakirə olunacaq, lakin vaxt çox azdır. Əgər kompromis əldə olunmasa, Belçikanın büdcə danışıqlarındakı mövqeyi, səsi və təsir imkanları kəskin şəkildə məhdudlaşdırıla bilər.
Ukrayna üçün kredit planı və son təzyiqlər
Aİ-nin təklif etdiyi reparasiya krediti Ukraynanın büdcə kəsirini bağlamağa və Kiyevin danışıqlarda mövqeyini gücləndirməyə yönəlib. London artıq öz ərazisində Rusiyanın dondurulmuş aktivlərindən 9,2 milyard avronun Ukraynaya verilməsi ilə bağlı prinsipial qərar qəbul edib.
Lakin Aİ daxilində yekdil razılıq yoxdur və liderlər 18 dekabr sammitinə qədər maksimum yaxınlaşmağa çalışırlar. Eyni zamanda ABŞ prezidenti Donald Trampın Kiyevə yardımı məhdudlaşdırması Avropanın üzərinə daha böyük yük qoyub. Diplomatların fikrincə, qarşıdakı bir neçə gün Aİ-nin həm Ukraynaya dəstəyini, həm də öz birliyini sınağa çəkəcək.(Moderator.az)
Sahnaz