Sumqayıt Bələdiyyəsi : Tədbirlər qanuni əsaslarla keçirilir, bilet satışı tam şəffafdır
Sosial şəbəkə hesablarında guya son günlər Sumqayıt bələdiyyəsi muğam mərkəzini nəzarətə götürüb və adını Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzi kimi dəyişib. Burada təşkil olunan konsertlər üçün biletlər şəhərin müxtəlif qurumlarının əməkdaşlarına məcburi şəkildə satdırılır kimi ifadələr səsləndirilib. Bu fikirlər tam əsassızdır və həqiqəti əks etdirmir.
Bu barədə Denmedia.az- a Sumqayıt Bələdiyyəsi tərəfindən bildirilib.
Qeyd olunub ki, Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzi bələdiyyənin mülkiyyətindədir və mərkəzin fəaliyyəti tam şəkildə bələdiyyə tərəfindən təşkil olunur. Qeyd etmək istərdik ki, bu prosesdə Sumqayıt Bələdiyyəsi Şəhər İcra Hakimiyyəti ilə, müxtəlif dövlət qurumları və təşkilatlarla, o cümlədən bütün regional idarələrlə əməkdaşlıq münasibətləri çərçivəsində qarşılıqlı informasiya və təşkilati əlaqələr həyata keçirir. Lakin vurğulayırıq ki,bu əməkdaşlıq yalnız əlaqələndirmə xarakteri daşıyır və həmin qurumların bələdiyyənin fəaliyyətinə hər hansı müdaxiləsi mövcud deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyələrin öz tabeliyində olan müəssisələrin fəaliyyətini təşkil etmək, tədbirlər keçirmək və həmin tədbirlər üzrə bilet satışını həyata keçirmək hüququ vardır. Bu baxımdan görülən bütün işlər qanuni səlahiyyətlər çərçivəsində həyata keçirilir. Bilet satışı ilə bağlı səsləndirilən “məcburi satış” iddiaları isə tamamilə həqiqətə uyğun deyil. Bildiririk ki:
* Satış yalnız könüllülük prinsipi əsasında aparılır
* Tədbirlərin tanıtımı Sumqayıt Bələdiyyəsinin rəsmi informasiya resursları üzərindən həyata keçirilir
* Bilet satışı həm fiziki qaydada, həm də **iTicket platforması üzərindən elektron formada təşkil olunur və bu da prosesin şəffaflığını təmin edir
Xüsusilə vurğulayırıq ki, müxtəlif qurumlara (səhiyyə, təhsil və digər təşkilatlara) təqdim edilən biletlər satış məqsədli deyil, dəvətnamə xarakteri daşıyır. Bu dəvətnamələr bələdiyyənin əməkdaşlıq etdiyi qurumlara göndərilir və heç bir halda məcburi satış və ya ödəniş tələbi mövcud deyil. Eyni zamanda, bələdiyyə tərəfindən təşkil olunan tədbirlərdə sosial həssas qruplar hər zaman prioritet təşkil edir:
* Şəhid ailələri və qazilər tədbirlərə dəvətnamə əsasında qatılır
* Muğam konsertlərində bu kateqoriyadan olan şəxslər üçün yerlər ayrılır
* “Qaraca qız” kukla tamaşasına böyük maraq nəzərə alınaraq, qazi övladları və şəhid ailələri üçün xüsusi dəvətlər göndərilmişdir
Sumqayıt Bələdiyyəsi olaraq məqsədimiz mədəniyyətin inkişafı, şəffaf fəaliyyətin təmin edilməsi və vətəndaşların mədəni tədbirlərə əlçatanlığının artırılmasıdır.
İctimaiyyəti təsdiqlənməmiş və qərəzli məlumatlara deyil, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.
Ellada Rəsul
Denmedia.az
nizami