Milli Məclisdən qərar: hansı işçilər müayinədən keçəcək?
Narkotik asılılığı olan işçilər əmək funksiyalarını yerinə yetirərkən işəgötürənin hesabına məcburi dövri və plandankənar tibbi müayinələrdən keçəcəklər.
Müvafiq müddəa Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, narkotik asılılığı olan şəxslər üçün məhdudiyyətlər müəyyən edilmiş peşə və vəzifələr üzrə işə qəbul zamanı işçilər ilkin tibbi müayinədən keçəcəklər. Sonrakı mərhələdə, həmçinin əmək vəzifələrinin icrası zamanı işçinin psixoaktiv maddələrin təsiri altında olması ilə bağlı əsaslı şübhələr yarandıqda, o, dərhal işəgötürənin hesabına plandankənar tibbi müayinəyə göndərilə bilər.
Qeyd olunur ki, həmin şəxslər “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun olaraq tibbi yoxlamalardan keçirlər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.