Tarixə yazılan qara gecə: Ağdaban soyqırımının ildönümü
Bu gün Ağdaban soyqırımının növbəti ildönümüdür. Həmin qanlı hadisələrdən 34 il keçir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndi 130 evdən ibarət yaşayış məntəqəsi olmaqla tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 dinc sakini qeyri-insani işgəncələrə məruz qalıb, 67 nəfər qətlə yetirilib. Onlardan 8-i 90–100 yaşlı qocalar, 2-si azyaşlı uşaq olub, 7 qadın diri-diri yandırılıb.
Ermənilər tərəfindən həyata keçirilən vandalizm siyasətinin növbəti təzahürü kimi milli mədəni irsimizə də zərbə vurulub. Şair Qurban Ağdabanlının əlyazmaları və klassik aşıq poeziyasının ustadlarından biri olan Dədə Şəmşirin irsi məhv edilib.
Bu faciəyə ilk hüquqi və siyasi qiyməti ümummilli lider Heydər Əliyev verərək, Ağdaban hadisələrini bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirib.