6 illik həsrət bitdi: Rok musiqisinin kraliçası geri döndü - FOTO
Türk rok musiqisinin kraliçası kimi tanınan Şebnem Ferah 6 illik fasilədən sonra yenidən səhnəyə qayıdıb. İyunun 3-ü axşam KüçükÇiftlik Parkda pərəstişkarları ilə görüşən sənətçi uzun müddət yaddaşlardan silinməyəcək gecəyə imza atıb.
“Sil Baştan”, “Bu Aşk Fazla Sana”, “Can Kırıkları”, “Çakıl Taşları” və “Ben Şarkımı Söylerken” kimi unudulmaz mahnılarını səsləndirən Ferah konsert boyu dinləyicilərin böyük marağı ilə qarşılanıb.
Səhnəyə qayıtmağın həyəcanını yaşayan sənətçi hisslərini pərəstişkarları ilə bölüşüb.
Şebnem Ferah dinləyicilərini bu sözlərlə duyğulandırıb:
“Buraya gələndə çox narahat idim, amma eyni zamanda evə gəlirmiş kimi hiss etdim, dostlar. Uzun fasilə olanda insan dərdləşmək istəyir. Görünür, yoxluğunuzda sizin mənim evim olduğunuzu anlamışam”.
İllər sonra dinləyiciləri ilə görüşən Şebnem Ferah səhnədə zaman-zaman duyğusal anlar yaşayıb. Ferah bildirib:
“Əziz dostlar, həyatımda bu qədər duyğulanıb səsimi idarə etməyə çalışaraq mahnı oxuduğumu xatırlamıram. Sözümüzdə səhv etdiksə, bağışlayın, bir az çox həyəcanlı idik. Bu, sizə olan hörmətimizdən və sevgimizdəndir. Növbəti dəfə hər şey daha gözəl olar. Sizi çox sevirik. Yaxşı ki, gəldiniz”.
Konsert görüntüləri yayıldıqdan sonra Şebnem Ferahın son görünüşü də diqqət çəkib. Uzun müddətdir gözlərdən uzaq həyat yaşayan 54 yaşlı sənətçi haqqında çoxsaylı şərhlər yazılıb.

Bir çoxları məşhur sənətçinin illərə meydan oxuduğunu qeyd edib. “Şebnem Ferah heç dəyişməyib”, “İllər ona yarayıb” və “Rok musiqisinin kraliçası geri döndü” kimi şərhlər önə çıxıb.
Şebnem Ferahın səhnəyə qayıdışını bir çox məşhur sima da yerində izləyib. Konsertə qatılanlar arasında Beren Saat, Cem Yılmaz, Kenan Doğulu, Mazhar Alanson, Merve Dizdar, Ezgi Mola, Aleyna Tilki, Tolga Sarıtaş, Derya Uluğ, Özge Özpirinçci, Burçin Terzioğlu, Leyla Lydia Tuğutlu, Serkan Keskin, Meriç Aral, Hande Doğandemir və Şebnem Bozoklu kimi adlar yer alıb.

Pərəstişkarlarının böyük marağı ilə qarşılanan Şebnem Ferah iyunun 27-də yenidən KüçükÇiftlik Parkda səhnəyə çıxacaq.