Castin Timberleyk və Cessika Bil boşanır — 13 illik evlilik sona çatır - FOTO
Castin Timberleyk və Cessika Bil 13 illik evlilikdən sonra boşanmaq qərarına gəliblər. Cütlük bu yaxınlarda evliliklərinin 13-cü ildönümünü qeyd etsə də, mənbələrin bildirdiyinə görə, bu tarix xoş ab-havada keçməyib. Tabloidlər iddia edir ki, ər-arvad artıq boşanma üçün sənədlər təqdim edib və bir müddətdir ayrı yaşayırlar. Ayrılığın təşəbbüskarı isə Cessika Bil olub.

Ehtimal edilən əsas səbəb onların karyeralarının tam fərqli istiqamətlərdə inkişaf etməsidir. Cessika Bil hazırda uğurlu prodakşn şirkətinə və podkasta rəhbərlik edir, televiziya sahəsində mövqeyini gücləndirir. Castin Timberleyk isə uğursuz keçən turdan sonra çətin dövr yaşayır və uzun müddətdir hit mahnı təqdim edə bilmir.
Perez Hiltonun sözlərinə görə, Cessika yaxın çevrəsinə ərinin ev işlərinə demək olar ki, kömək etməməsindən şikayətlənib. Onun fikrincə, Castinin kifayət qədər vaxtı olsa da, məsuliyyət paylaşımında aktiv deyil.
Mənbələr bildirir ki, hazırda Cessika tam şəkildə işinə və televiziya karyerasına fokuslanıb və böyük prodüser olmağı hədəfləyir.
“Onun bu sahədə təbii istedadı var. Amma Castin sanki daim keçmişə baxır, 30 yaşına qədər əldə etdiyi pop musiqi uğurunu təkrarlamağa çalışır. Təəssüf ki, Castin keçmişdə ilişib qalıb”, — deyə ailəyə yaxın mənbə bildirib.
Ayrılıq şayiələrini gücləndirən məqamlardan biri də odur ki, cütlük son bir neçə ay ərzində birlikdə ictimaiyyət qarşısına çıxmayıb. Onların son birgə görüntüsü sentyabr ayında dostlarının toyunda qeydə alınıb.

Halbuki 2025-ci ilin əvvəlində hər şey yolunda görünürdü. Cessika Bil sosial şəbəkədə Atalar Günü münasibətilə paylaşım edərək ərini “möhtəşəm ata” adlandırmışdı.
Castin Timberleykin son dövrlərdəki problemləri də diqqətdən yayınmayıb. Onun son turu ciddi tənqidlərə məruz qalıb: tamaşaçılar konsertləri erkən tərk edib, ifaçı isə canlı oxumaqdansa fonogrammadan istifadə etməkdə ittiham olunub.
Timberleyk uğursuzluqları Laym xəstəliyi diaqnozu ilə izah edib. O bildirib ki, özünü pis hiss etməsinə baxmayaraq, səhnəyə çıxmağa davam edib.
“Bu xəstəliklə yaşamaq həm fiziki, həm də psixoloji baxımdan son dərəcə ağırdır”, — deyə o etiraf edib.