Afrikada Ebola həyəcanı: 300-ə yaxın xəstənin yeri məlum deyil
Afrikada Ebola virusuna yoluxmuş 300-ə yaxın şəxsin harada olduğu məlum deyil.
Bu barədə Africa News Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin rəhbəri Jan Kaseyanın sözlərinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, yoluxmuş şəxslərin nəzarətdən kənarda qalması mütəxəssislərin epidemiyaya nəzarət imkanları ilə bağlı ciddi suallar doğurub.
Hazırkı epidemiya may ayında Konqo Demokratik Respublikasında başlayıb. Həmin vaxtdan indiyədək həkimlər 1100-dən çox Ebola yoluxması qeydə alıblar. Virus səbəbindən 291 nəfər ölüb.
Qonşu Uqandada isə 20 nəfərin Ebola virusuna yoluxduğu, onlardan 2-nin həyatını itirdiyi bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sentyabradək yoluxma hallarının sayının 8 mini keçə, ölüm hallarının isə 1400-ə çata biləcəyi gözlənilir. Mütəxəssislər epidemiyanın 70 faiz ehtimalla Cənubi Sudana yayıla biləcəyini hesablayıblar.