Çimərlikdə qarğıdalı yeməyin gözlənilməz fəsadı - FOTO
Çimərlikdə yeyilən şirin və şirəli qarğıdalı dadlı olsa da, bəzi hallarda dişin sınmasına, plombun qopmasına və hətta təcili stomatoloji müdaxiləyə səbəb ola bilər.
Bu barədə Gazeta.Ru-ya Juvi Clinic-in stomatoloqu Anastasiya Savkina danışıb.
Həkimin sözlərinə görə, istirahət mövsümündən sonra stomatoloqlar tez-tez sınmış dişləri bərpa etməli, plombları yeniləməli və körpüvari protezləri yoxlamalı olurlar.
Mütəxəssis bildirib ki, qarğıdalının özü zərərli deyil, əksinə, onun tərkibində çoxlu lif və vitaminlər var. Lakin qarğıdalı dənələrini birbaşa qıçadan dişləyərkən təzyiq dişlərə bərabər paylanmır. Nəticədə bütün güc dişin kiçik bir hissəsinə və ya plombun kənarına düşür.

Sağlam diş minası bu təzyiqə davam gətirə bilər, lakin plomblu və bərpa olunmuş dişlər üçün risk daha yüksəkdir. Plomb materialı möhkəm olsa da, təbii diş toxumasından fərqli xüsusiyyətlərə malikdir. Kəskin təzyiq nəticəsində birləşmə hissəsində əvvəlcə mikroçat, daha sonra isə qopma yarana bilər.
Risk xüsusilə dişin böyük hissəsini əhatə edən köhnə və ya kənarları boşalmış plomblarda yüksəkdir. Həkimin sözlərinə görə, belə hallarda adi bir qarğıdalı dişləməsi belə plomb üçün “son zərbə” ola bilər.
Körpüvari protezlərdə isə vəziyyət daha mürəkkəbdir. Bu konstruksiyalar bərabər təzyiq üçün nəzərdə tutulur. Sərt dənələrin dişlənməsi isə çənənin yalnız bir tərəfinə yük salır. Nəticədə həm protez, həm də onu saxlayan dayaq dişləri zədələnə, çatlar yarana və bakteriyaların daxil olması üçün şərait formalaşa bilər.

Stomatoloq qarğıdalı dənələrinin qıçadan dişlənməsini deyil, bıçaqla kəsilərək çəngəllə yeyilməsini tövsiyə edir. Bu üsul dişləri nöqtəvi və kəskin təzyiqdən qoruyur.
Qarğıdalı yedikdən sonra ağız gigiyenasına da diqqət yetirilməlidir. Diş fırçası olmadıqda ağız yaxalayıcısı, diş sapı və ya irriqator istifadə edilə bilər. Ağız yaxalayıcısı turşuluğu azaldır və şəkəri təmizləyir, diş sapı ilişib qalan dənələri çıxarır, irriqator isə dişlərarası sahələri yuyur.
Həkim həmçinin ağrı olmasa belə, hər altı aydan bir stomatoloji müayinədən keçməyi məsləhət görür.