Qəhvənin beyinə yeni təsiri üzə çıxdı - FOTO
Qəhvə beynin toxunuşa və insanın öz bədən hərəkətlərinə reaksiyasını tədricən dəyişə bilər.
Bu barədə yeni araşdırmaya istinadən Independent yazır.
Gündəlik adi dozada, yəni təxminən bir-iki fincan qəhvədə 50-dən 400 milliqrama qədər aktiv kofein olur. Yeni araşdırmada alimlər kofeinin adi və yüksək dozalarının beyindəki proseslərə necə təsir etdiyini qiymətləndiriblər.

Tədqiqatçılar qeyri-invaziv metoddan istifadə edərək pasiyentlərin motor qabığını maqnit impulsları ilə stimullaşdırıb, daha sonra isə beynin reaksiyasını ölçüblər. Nəticədə məlum olub ki, kofein toxunuşdan sonra beynin əzələ reaksiyasını məhdudlaşdırmaq qabiliyyətini artırır.
Alimlərin fikrincə, kofein beyində adenozin reseptorlarının zülallarını bloklayaraq təsir göstərir. Bu bloklama asetilxolin səviyyəsinin artmasına səbəb ola bilər. Asetilxolin isə hiss orqanları ilə əzələ hərəkətləri arasındakı əlaqənin idarə olunmasına kömək edən kimyəvi ötürücüdür.
Sağlamlığa zərər verməmək üçün nə qədər qəhvə içmək olar?
Ekspertlər hesab edirlər ki, əhval üçün “qızıl orta” gündə 1-2 fincan qəhvədir.
Daha az miqdar istənilən effekti verməyə bilər. Daha çox qəhvə isə narahatlıq, əsəbilik və yuxu problemləri riskini artıra bilər.

Həkimlər yatmazdan 6-12 saat əvvəl kofeindən uzaq durmağı məsləhət görürlər. Həmçinin təşviş pozuntularına meyilli insanlar daha ehtiyatlı olmalıdırlar, çünki qəhvə onların vəziyyətini ağırlaşdıra bilər.
Ekspertlər qeyd edirlər ki, əgər gündə 1-2 fincan qəhvə içirsinizsə və özünüzü yaxşı hiss edirsinizsə, heç nəyi dəyişməyə ehtiyac yoxdur. Qəhvə içmək ritualı və onun dadı özlüyündə insana zövq verə bilər.
Lakin qəhvə içmirsinizsə, yalnız əhvalınızı yaxşılaşdırmaq üçün başlamağa dəyməz.
Daha əvvəl bildirilmişdi ki, kofein diqqəti və əhvalı yaxşılaşdıra bilər. Amma müntəzəm qəhvə içənlərdə bu təsir bəzən aldadıcı ola bilər.