Xlorheksidin düşündüyünüz qədər təhlükəsiz deyil - FOTO
Xlorheksidin kəsik və yaralar zamanı ən çox istifadə olunan antiseptiklərdən biri hesab olunur, çünki ağrı vermir və toxumanı əlavə zədələmir. Bu səbəbdən xüsusilə uşaqlı analar və digər antiseptiklərin yaratdığı yanma hissindən narahat olan insanlar tərəfindən geniş istifadə olunur. Lakin son araşdırmalar bu maddənin müəyyən risklər daşıya biləcəyini göstərib. Bu barədə Mirror nəşri yazır.
Araşdırmalar əsasən ağız yaxalayıcıları üzərində aparılıb. Sosial şəbəkələrdə yayılan bəzi videolarda bu vasitələrin yüksək qan təzyiqi və ürək xəstəlikləri riskini artırdığı iddia olunur. Səbəb kimi isə onların ağızdakı faydalı bakteriyaları məhv etməsi göstərilir.

Mütəxəssislər bildirir ki, insan ağzında olan bakteriyalar orqanizm üçün mühüm rol oynayır. Exeter Universitetinin tədqiqatçısı Coanna L’ero qeyd edir ki, bu bakteriyalar qida ilə qəbul edilən nitratları nitritlərə çevirir. Daha sonra bu maddələr orqanizmdə azot oksidinə çevrilir.
Azot oksidi isə qan təzyiqinin tənzimlənməsi, beyin və əzələ funksiyalarının qorunması üçün vacibdir. Bu baxımdan, xlorheksidin tərkibli ağız yaxalayıcılarının bu prosesi pozaraq təzyiq və ürək-damar problemləri riskini artıra biləcəyi ehtimal edilir.

Qeyd olunur ki, xlorheksidin yalnız ağız yaxalayıcılarında deyil, həm də dəri üçün antiseptiklərdə, tibbi və cərrahi vasitələrdə, boğaz spreylərində, stomatoloji gellərdə və bəzi kosmetik məhsullarda geniş istifadə olunur.