Falafel hazırlamağın ən düzgün üsulu - FOTO
Falafel Yaxın Şərq mətbəxinin ən məşhur yeməklərindən biridir. O, əsasən noxud və ya lobya, təzə göyərti və ədviyyələrdən hazırlanan xırtıldayan toplar formasında təqdim olunur. Rəvayətlərə görə, bu yeməyin resepti ilk dəfə Misirdə kopt xristianları tərəfindən uzun oruc dövrlərində ətə alternativ kimi hazırlanıb. Çünki paxlalılar zülalla və “yavaş” karbohidratlarla zəngindir və uzun müddət toxluq hissi yaradır.
Son illərdə falafel veqan qidalanma və sağlam həyat tərzi ideyalarının yayılması ilə dünyada, o cümlədən Azərbaycanda da çox populyar olub. Bu yeməyi evdə hazırlamaq isə düşündüyünüzdən daha asandır.

Tərkibi (təxminən 18 ədəd üçün)
-
250 q noxud
-
3 xörək qaşığı bulqur
-
1 baş soğan
-
5 diş sarımsaq
-
5 budaq keşniş
-
5 budaq cəfəri
-
4 xörək qaşığı buğda unu
-
3 çay qaşığı üyüdülmüş zirə
-
2 çay qaşığı üyüdülmüş keşniş toxumu
-
1 çay qaşığı kardamon
-
1 çay qaşığı soda
-
yarım çay qaşığı karri
-
qara istiot
-
duz
-
qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası:

-
Noxudu seçib yuyun, böyük qabda 1 litr soyuq su ilə örtərək təxminən 4 saat isladın. Sonra suyunu süzün.
-
Bulquru qabda üzərini 2 sm örtəcək qədər qaynar su ilə isladın və 10 dəqiqə saxlayın. Sonra suyunu süzün.
-
Soğanı xırda doğrayın, sarımsağı əzin. Keşniş və cəfərini yuyub qurulayın və xırda doğrayın.
-
İsladılmış noxudu xırda torlu ət maşınından keçirin. Üzərinə bulqur, soğan, sarımsaq, göyərti və bütün ədviyyələri əlavə edin. 3 xörək qaşığı su əlavə edib qarışdırın və 30 dəqiqə saxlayın.
-
Daha sonra un əlavə edib qarışdırın. Nəm əllərlə qarışımdan 18 kiçik top hazırlayın.
-
Dərin tavada yağı qızdırın. Falafelləri 3–4 dəqiqə qızılı rəng alana qədər qızardın.
-
Hazır falafelləri kağız salfet üzərinə qoyun ki, artıq yağ çəkilsin.
Falafel ən yaxşı isti halda pita çörəyi, tərəvəz salatı, humus və tahin sousu ilə təqdim olunur.
Maraqlı məqam:

Falafelin orijinal dadı əsasən zirə və keşniş ədviyyəsindən gəlir. Bir çox aşpaz hesab edir ki, noxud blenderdə yox, mütləq ət maşınından keçirilməlidir, çünki bu zaman falafelin içi bir qədər dənəli və klassik teksturada olur.