Krem yox, qida: C vitamini dərini içəridən gücləndirir
Qida vasitəsilə qəbul edilən C vitamini dərinin vəziyyətini yaxşılaşdırmaq və kollagen sintezini artırmaq baxımından ən effektiv formadır. Bu nəticəyə Otaqo Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri Journal of Investigative Dermatology (JID) jurnalında dərc olunub.
Eksperimentdə Yeni Zelandiyadan və Almaniyadan 24 sağlam yetkin iştirak edib. Səkkiz həftə ərzində onlar hər gün SunGold sortundan iki kivi — təxminən 250 mq C vitamini — qəbul ediblər. Müdaxilədən əvvəl və sonra könüllülərdən dəri nümunələri götürülüb, dərinin qalınlığı, elastikliyi, hüceyrələrin yenilənmə sürəti və qoruyucu xüsusiyyətləri ölçülüb.
Kivinin rasiona daxil edilməsindən sonra dəridə C vitamininin səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb.
“İştirakçıların dərisinin qalınlığı artıb ki, bu da kollagen sintezinin gücləndiyini göstərir. Xarici dəri qatında hüceyrələrin yenilənməsi sürətlənib. Dəri C vitaminini kremlər vasitəsilə deyil, qan dövranı yolu ilə daha effektiv qəbul edir, çünki kremlər molekulu xarici baryerdən keçirməkdə zəif qalır,” — deyə alimlər qeyd ediblər.
Araşdırmada yüksək C vitamini tərkibli SunGold kivi istifadə edilsə də, oxşar effekt C vitamini ilə zəngin digər məhsullardan — sitrus meyvələri, giləmeyvələr, bolqar bibəri və brokkolidən də gözlənilə bilər.
Müəlliflərin hesablamalarına görə, gündə təxminən 250 mq C vitamini plazmada optimal səviyyəni saxlamaq üçün kifayətdir. Lakin orqanizm bu vitamini ehtiyat şəklində toplaya bilmir, buna görə tədqiqatçılar “gündə beş porsiya meyvə və tərəvəz” qaydasına əməl etməyi və onlardan ən azı birinin C vitamini ilə zəngin olmasını tövsiyə edirlər.